“Yaddaş insan beyninin ən mürəkkəb və vacib funksiyalarından biridir. Gündəlik fəaliyyətlərdən tutmuş peşəkar uğura qədər bir çox sahədə yaddaşın rolu əvəzsizdir. Müasir həyat tərzi, stress, yuxusuzluq və informasiyanın həddindən artıq çoxluğu isə yaddaşın zəifləməsinə səbəb ola bilər”
Nevroloq Röyanə Quluzadə “Tehsil365”ə açıqlamasında yaddaşın insan beyninin ən vacib funksiyalarından biri olduğunu və onun gündəlik həyatla yanaşı peşəkar fəaliyyətə də birbaşa təsir etdiyini bildirib.
Nevroloq Röyanə Quluzadənin sözlərinə görə, müasir həyat tərzi, yüksək stress səviyyəsi, yuxusuzluq və informasiyanın həddindən artıq çoxluğu yaddaşın zəifləməsinə səbəb ola bilər. Buna görə də yaddaşın gücləndirilməsi üçün düzgün metodlardan istifadə vacibdir.
Yaddaşın formalaşma mərhələləri
Nevroloq qeyd edir ki, yaddaş üç əsas mərhələdən ibarətdir: kodlama (məlumatın qəbul edilməsi), saxlanma (məlumatın beyində qorunması) və geri çağırma (lazım olduqda xatırlanma). Bu mərhələlərin düzgün işləməsi yaddaşın gücünü müəyyən edir.
Effektiv yaddaş gücləndirmə üsulları
Aktiv öyrənmə- Röyanə Quluzadənin sözlərinə görə, passiv oxuma yaddaşı gücləndirmək üçün kifayət deyil. Özünə suallar vermək, öyrənilənləri izah etmək və qeydlər aparmaq daha effektiv nəticə verir.
Fasiləli təkrar- məlumatların müəyyən fasilələrlə təkrarlanması uzunmüddətli yaddaşın formalaşmasına kömək edir. Məsələn, 1 gün, 3 gün və 1 həftə sonra təkrar etmək tövsiyə olunur.
Keyfiyyətli yuxu- nevroloq bildirir ki, 7–9 saat keyfiyyətli yuxu yaddaşın möhkəmlənməsində mühüm rol oynayır. Xüsusilə REM yuxu mərhələsi bu proses üçün vacibdir.
Fiziki aktivlik -müntəzəm idman beynə qan axınını artırır və neyronlararası əlaqələri gücləndirir. Həftədə 3–4 dəfə fiziki aktivlik tövsiyə olunur.
Düzgün qidalanma- Omega-3 yağ turşuları, antioksidantlar və B qrupu vitaminləri yaddaş üçün faydalı hesab olunur. Su balansının qorunması da vacib amillərdən biridir.
Stressin idarə olunması -xroniki stress yaddaşa mənfi təsir göstərir. Meditasiya, nəfəs məşqləri və açıq havada gəzinti bu baxımdan faydalıdır.
Beyin məşqləri -yeni dil öyrənmək, musiqi alətində ifa və məntiq oyunları kimi fəaliyyətlər yaddaşı aktiv saxlayır.
Multitaskingdən uzaq durmaq -eyni anda bir neçə iş görmək diqqəti azaldır və yaddaşın effektivliyini zəiflədir. Tək bir işə fokuslanmaq daha yaxşı nəticə verir.
Nevroloq vurğulayır ki, bu üsullar elmi əsaslara söykənir və müntəzəm tətbiq edildikdə yaddaşın güclənməsinə əhəmiyyətli təsir göstərir.

