Kaliforniya Universitetinin anatomiya və neyrobiologiya üzrə dosenti Kei İqaraşinin rəhbərlik etdiyi bir qrup alim, entorhinal korteksdə dopamin çatışmazlığının Alzheimer xəstəliyində yaddaş itkisinin əsas səbəbi olduğunu aşkarlayıb.
"Tehsil365" xəbər verir ki, bu barədə "Medical Xpress" jurnalında məlumat verilib .
Mütəxəssislərin fikrincə, dopamin sisteminin pozulması beynin yeni xatirələr yarada bilməməsinə birbaşa təsir göstərir. Bu hipotezi sınaqdan keçirmək üçün alimlər optogenetika üsullarından istifadə edərək, sınaq heyvanlarının beynində dopamin səviyyəsini süni şəkildə artırıblar, nəticədə onların qavrama və yaddaş qabiliyyətləri bərpa olub.
Alzheimer xəstəliyinin siçan modelləri üzərində aparılan təcrübələr göstərib ki, yaddaş üçün vacib olan beyin nahiyəsində dopamin səviyyəsi normaldan beş dəfədən çox azalıb. Bu, neyronların xarici stimullara adekvat reaksiya verməməsinin səbəbidir.
"Alzheimer xəstəliyində dopaminin təsirlənəcəyini gözləmirdik. Lakin məlumatlar toplandıqca, dopamin disfunksiyasının yaddaş pozğunluğunda mərkəzi rol oynadığı məlum oldu", - İqaraşi deyib.
Alimlər iddia edirlər ki, bu kəşf Alzheimer xəstəliyində yaddaş dövrələrinin necə pozulduğunu anlamağa mühüm töhfə verir. Onlar iddia edirlər ki, dopamin mexanizmlərinin hədəflənməsi xəstəliyin erkən mərhələlərində yaddaş çatışmazlıqları ilə mübarizə aparmaq üçün yeni və effektiv bir yol təqdim edə bilər.

