Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasının III kurs Skandinaviyaşünaslıq tələbələri üçün “Yaşıl həftə” çərçivəsində“Norveçin ekoturizminin inkişaf xüsusiyyətləri” fənni üzrə “Norveç və Azərbaycanda ekoloji problemlərin müqayisəli təhlili” mövzusunda açıq dərs təşkil olunub.
“Tehsil365” xəbər verir ki, dərsin əvvəlində tələbələr tərəfindən mövzu üzrə təqdimatlar dinlənilib. Belə ki, Namazova Lamiyə “İqlim dəyişikliklərinin Norveçə təsiri: buzlaqların əriməsi”, Rəfili Həcər və Kudai Suman “Norveçin ekoloji problemləri: neft sənayesi və onun ekologiyaya təsiri”, Bəyim Tağızadə isə “Azərbaycanda ekoloji problemlər” mövzusunda çıxış ediblər.
Təqdimatlardan sonra Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva və həmin kafedranın baş müəllimi Hökümə Abbasova Norveç və Azərbaycanda mövcud ekoloji vəziyyətlə bağlı fikirlərini və təcrübələrini bölüşüblər.
Daha sonra tələbələrlə ekoloji problemlərin həlli istiqamətində geniş müzakirə aparılıb. Dərsin sonunda ekologiyaya həssas yanaşmanın vacibliyi vurğulanıb, ətraf mühitin qorunmasının hər bir insanın məsuliyyəti olduğu qeyd edilib.

