Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının təşəbbüsü ilə “Linqvokulturologiya nədir” adlı elmi seminar keçirilib. Seminarda kafedranın professoru Könül Abdurəhmanova mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib, linqvokulturologiyanın dil və mədəniyyət arasındakı əlaqələrin öyrənilməsində əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Seminarın əsas məqsədi müasir dilçilikdə mühüm istiqamətlərdən biri olan linqvokulturologiyanın nəzəri əsasları, tədqiqat obyekti və dil-mədəniyyət münasibətlərinin öyrənilməsində rolu barədə geniş elmi müzakirə aparmaq olub.
“Tehsil365” xəbər verir ki, seminarda Linqvokulturologiya kafedrasının müdiri professor Vüsalə Ağabəyli, həmin kafedranın müəllimləri, kafedraya təhkim olunan magistr və bakalavr tələbələri iştirak ediblər.
Linqvokulturologiya kafedrasının müdiri professor V.Ağabəyli seminara münasibət bildirərək mövzunun elmi və praktiki baxımdan aktuallığını qeyd edib, dilin yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın mədəni yaddaşını, dünyagörüşünü və milli-mənəvi dəyərlərini əks etdirən mühüm fenomen olduğunu vurğulayıb.
Müzakirələr zamanı professor K.Abdurəhmanova iştirakçıları maraqlandıran sualları cavablandırıb, iştirakçılar arasında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

