Azərbaycan Dillər Universitetində keçirilən “Dil müəllimləri - 2026” Forumu müasir təhsil sistemində baş verən elmi-pedaqoji dəyişikliklərin müzakirəsi üçün mühüm platforma olub.
Universitetdən “Tehsil365” ə bildirilib ki, 400-dən çox müəllim, tədqiqatçı və ekspertin qatıldığı tədbirdə dil tədrisinin konseptual əsasları, müəllimin dəyişən rolu və texnologiyaların təhsilə inteqrasiyası ətrafında fikir mübadiləsi aparılıb.
Forumda vurğulanıb ki, müasir müəllim artıq yalnız bilik ötürən deyil, öyrənmə prosesini idarə edən və şagirdlərin tənqidi düşünməsini formalaşdıran pedaqoji liderdir. Dilin yalnız kommunikasiya vasitəsi deyil, həm də düşüncə mexanizmi olduğu qeyd edilərək, tədrisin daha çox real situasiyalara əsaslanmasının vacibliyi önə çəkilib.
Müzakirələrdə öyrənənlərin aktiv iştirakçı kimi rolu, fənlərarası inteqrasiyanın əhəmiyyəti və dil bacarıqlarının praktik tətbiqi xüsusi qeyd olunub. Eyni zamanda, süni intellektin təhsildə istifadəsinin müəllimi əvəz etmədiyi, əksinə onun fəaliyyətini gücləndirdiyi bildirilib. ADDIE modeli isə tədrisin planlaşdırılmasında effektiv metod kimi təqdim edilib.
Forum çərçivəsində müəllimin emosional vəziyyəti, peşə məmnunluğu və etik məsuliyyət məsələləri də diqqət mərkəzində olub. Ümumilikdə tədbirdə təhsil sisteminin rəqəmsal və qlobal transformasiya mərhələsində olduğu və bu prosesdə dil müəllimlərinin strateji rol oynadığı vurğulanıb.

