Bakı Slavyan Universiteti (BSU) və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (Gəncə-Daşkəsən RTİ) birgə təşkilatçılığı ilə Xarici Dil Müəllimlərinin I Regional Forumu keçirilib.
BSU-dan “Tehsil365”ə bildirilib ki, forum regionun müxtəlif bölgələrindən olan xarici dil müəllimlərini, təhsil mütəxəssislərini və akademik heyəti bir araya gətirərək müasir tədris yanaşmalarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Forum şagirdlərin əl işləri və STEAM istiqamətli layihələrinin təqdimatı ilə başlayıb. Tədbirdə şagirdlərin yaradıcılıq və analitik bacarıqlarının inkişaf etdirilməsində innovativ yanaşmaların əhəmiyyəti vurğulanıb.
Gəncə-Daşkəsən RTİ-nin müdiri Elçin Kərimov çıxışında regionlarda xarici dil tədrisinin keyfiyyətinin artırılmasının prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, müəllimlərin bilik səviyyəsi yüksək olsa da, müasir öyrənmə metodlarının tətbiqinə ehtiyac var. Bu baxımdan müəllimlərin davamlı peşəkar inkişafının təmin edilməsi və innovativ təlim metodlarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
BSU-nun rektoru Anar Nağıyev çıxışında Xarici Dil Müəllimlərinin I Regional Forumunun məqsəd və hədəflərini diqqətə çatdıraraq, qarşılıqlı öyrənmənin vacibliyini vurğulayıb. O, ali təhsil müəssisələrinin müəllim hazırlığındakı rolu və xarici dil tədrisində innovativ yanaşmalar barədə ətraflı məlumat verib. Eyni zamanda, universitet ilə regional təhsil qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra regionda fəaliyyət göstərən bir sıra xarici dil müəllimləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Forum çərçivəsində xarici dil müəllimlərinin hazırlıq səviyyəsinin artırılması, dil bacarıqlarının inkişaf etdirilməsi, yeni və effektiv tədris metodlarının tətbiqi, həmçinin müəllimlərin peşəkar inkişaf imkanları ilə bağlı geniş müzakirələr aparılıb.

