Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində bu şəhərdə fəaliyyət göstərən “Musiqi sevinc bəxş edir” (“Musik macht Freude - MmF”) musiqi məktəbinin təşkilatçılığı, mərkəzin və “Sun Dance Company” rəqs studiyasının dəstəyi ilə “Tarixin səhifələri” adlı konsert keçirilib.
“Tehsil365” xəbər verir ki, konsert XX əsrin görkəmli bəstəkarı, Azərbaycanın Xalq artisti Dmitri Şostakoviçin 120 illiyinə və bu musiqi məktəbinin Vyanadakı “Sun Dance Company” rəqs studiyası ilə əməkdaşlığının beş illik yubileyinə həsr olunub.
“Musiqi sevinc bəxş edir” musiqi məktəbinin təsisçisi və rəhbəri Fərəh Tahirova tədbiri giriş sözü ilə açaraq, rəhbərlik etdiyi musiqi məktəbinin görkəmli bəstəkar Dmitri Şostakoviçin həyat və yaradıcılığına nəzər salıb, eləcə də rəhbərlik etdiyi məktəbin “Sun Dance Company” ilə həm beynəlxalq festivallarda, həm də hesabat konsertlərində beşillik yaradıcılıq əməkdaşlığından danışıb.
F. Tahirova, həmçinin qeyd edib ki, 26 aprel eyni zamanda, Azərbaycanın Avstriyadakı əfsanəvi səfiri, gözəl insan və peşəkar diplomat Fuad İsmayılovun doğum günüdür. O, Fuad İsmayılov haqqında xatirələrini bölüşərək, onun Azərbaycan-Avstriya diplomatik və mədəni əlaqələrinin inkişafındakı rolunu vurğulayıb, 2006-cı ildə Vyana Kamera Operasının səhnəsində “Arşın mal alan” operettasının alman dilində səhnələşdirilməsində, eləcə də 2006-cı ildə Vyananın Donauparkında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin ucaldılmasında onun göstərdiyi səy və təşəbbüslərin həlledici rolunu xüsusi qeyd edib.
O deyib: “Mən Fuad İsmayılovun Azərbaycanın Avstriyadakı səfiri vəzifəsində çalışdığı dövrü (2005–2011) Avstriya ilə Azərbaycan arasında həm siyasi, həm də mədəni münasibətlərin tərəqqisinin, eləcə də dinamik və parlaq inkişafının qızıl dövrü hesab edirəm. Fuad İsmayılov uzun illərdir ki, aramızda yoxdur, lakin o, hər birimizin isti xatirələrində yaşayır, onun irsi isə unudulmaz olaraq qalır və bu günədək ölkələrimizi bir-birinə bağlamaqda davam edir”.
Dmitri Şostakoviç haqqında uşaqlar üçün hazırlanmış qısametrajlı filmin nümayişindən sonra musiqi məktəbinin şagirdləri D.Şostakoviçin həyat və yaradıcılığı barədə maraqlı məruzələrlə çıxış ediblər. Çıxışlarda xüsusilə onun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı mühüm rolunu vurğulanıb.
Bəstəkarın Onuncu simfoniyası barədə məruzələr xüsusilə maraqlı olub. Həmin simfoniyanın üçüncü hissəsində Şostakoviçin sevimli azərbaycanlı tələbəsi, tanınmış Azərbaycan bəstəkarı Elmira Nəzirovanın mövzusu ön planda dayanır.
Uşaqlar öz məruzələrində, həmçinin böyük bəstəkarın yaradıcılığına dair, xüsusilə onun Avstriya, Azərbaycan, Ukrayna, Gürcüstan və Türkiyəyə səfərləri ilə bağlı bəzi araşdırmaları da qeyd ediblər. Məruzələrin xüsusi məqamlarından biri Azərbaycan bəstəkarlıq məktəbinin iki lideri - Qara Qarayev və Cövdət Hacıyevin Moskva Konservatoriyasında Dmitri Şostakoviçin sinfində keçirdikləri tələbəlik illəri və sonrakı dostluqları haqqında məlumatlar olub.
Uşaqların bütün çıxışları zəngin arxiv fotomaterialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbirin bədii hissəsində həm “Musiqi sevinc bəxş edir” musiqi məktəbinin şagirdlərinin, həm də Vyana Musiqi Gimnaziyasının (MGW) və Vyananın Margareten Şəhər Musiqi Məktəbinin iştirakı ilə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərindən ibarət orijinal konsert proqramı təqdim olunub. Proqramda duetlər, triolar, ansambllar (fortepiano, violonçel, vokal, rəqs) yer alıb. Xüsusilə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, bunlar sırasında Qara Qarayev və Cövdət Hacıyevin uşaqlar üçün fortepiano silsilələrindən “Əfsanə” (“Legende”) və “Kədərli hekayə” (“Sad Story”) pyesləri, eləcə də Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Laylay” yer alıb.
Vyananın “Sun Dance Company” rəqs studiyası tanınmış xoreoqraf Lyudmila Detkovanın quruluşunda Anastasiya Detkova və studiyanın digər gənc rəqqasələrinin gözəl ifasında təqdim olunan iki orijinal rəqslə axşama xüsusi gözəllik qatıb.
Sonda F. Tahirova bu layihənin təşkilinə göstərdiyi köməyə görə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımovaya təşəkkürünü bildirib.
Konsert proqramında Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndələri ilə yanaşı, Vyanada yaşayan müxtəlif diasporların təmsilçiləri də iştirak ediblər.
Gecənin xüsusi fəxri qonağı Vyana Dövlət Operasının gənclər xorunun rəhbəri, avstriyalı musiqiçi, dirijor və pianoçu Yohannes Mertl olub.

