Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi çərçivəsində şahmat yarışları keçirilib.
BŞTİ-dən “Tehsil365” ə bildirilib ki, olimpiadanın qaydalarına əsasən, regional mərhələdə Bakı şəhərinin hər bir inzibati rayonundan bir komanda olmaqla 12 komanda şahmat üzrə mübarizə aparıb. Şahmat turnirində Xətai, Səbail, Nərimanov, Sabunçu və Suraxanı rayonlarının komandası xal hesabı ilə digər komandaları üstələyərək respublika mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, şahmat turniri regional və respublika mərhələsindən ibarətdir. Hər iki mərhələ üzrə komanda yarışları FIDE qaydaları əsasında keçirilir. Ən yüksək nəticə göstərmiş komanda regional mərhələnin qalibi sayılır və respublika mərhələsində iştirak etmək hüququ qazanır.
“Zəkaların mübarizəsi” olimpiadası şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin yaradılması, şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə şagirdlərin öyrənməyə təşviq edilməsi məqsədilə keçirilir. Olimpiada regional və respublika mərhələlərindən, hər mərhələ isə bilik və şahmat üzrə yarışlardan ibarətdir

