Aprelin 27-dən etibarən respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsinin buraxılış vərəqələrinin verilməsinə başlanılıb.
Təhsil İnstitutundan “Tehsil365"ə bildirilib ki, yarımfinalda iştirak hüququ qazanmış şagirdlər “portal.edu.az” saytına daxil olaraq buraxılış vərəqələrini yükləyə bilərlər. Buraxılış vərəqəsi əldə etməkdə çətinlik çəkən şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.
Yarımfinal mərhələsi mayın 2-də keçiriləcək. Bu mərhələdə şagirdlər 120 dəqiqə ərzində müvafiq istiqamətlər üzrə 25 qapalı tipli test tapşırığına cavab verməlidirlər.
Qeyd edək ki, imtahana mobil telefon, ağıllı saat, qulaqlıq və digər rabitə vasitələri gətirmək qadağandır. Mərkəzə daxil olarkən bu vasitələrin içəri buraxılmasına icazə verilməyəcək. İmtahan mərkəzində bu əşyaların saxlanılması üçün yer nəzərdə tutulmayıb. Sadəcə, kimya fənnindən imtahan verən şagirdlər kalkulyator gətirə bilərlər.

