Bakı Dövlət Universitetinin (BDU) tarixi muzeyinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib.
Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.
Mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, universitetlə yaşıd sayılan bu muzey ilk dəfə 2010-cu ildə tam yenilənib və BDU-nun şərəfli tarixini özündə əks etdirən vahid mərkəz kimi fəaliyyətə başlayıb: “Bu məkanın yenidən qurulması BDU-nun son illər əldə etdiyi uğurları, universitetdəki yenilikləri ehtiva edən dəyişiklikləri əlavə etmək məqsədi daşıyırdı. Muzeyin istər tələbələrimizin, istərsə də universitetə gələn yerli və xarici qonaqların Azərbaycanın ilk ali təhsil müəssisəsi haqqında yetərli, geniş informasiyaya sahib olacağı unikal məkana çevrilməsi istiqamətində işlərimiz davam etdiriləcək”.
Daha sonra mərasim iştirakçıları muzeyin yenilənən bölmələri və eksponatları ilə tanış olublar.
Bakı Dövlət Universiteti və onun fakültələrinin tarixinin hərtərəfli əks etdirilməsi üçün üç ekspozisiyaya bölünən muzeydə Azərbaycan Xalq Cümhuriyyəti, sovet hakimiyyəti və müstəqillik illərinə dair məlumat və eksponatlar, tədris prosesində istifadə olunan avadanlıq və cihazlar ziyarətçilərə təqdim olunur. Muzeydə universiteti ziyarət edən ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin hədiyyələri, bu tədbirlərə aid tarixi fotokompozisiyalar mövcuddur. Məkanda nümayiş etdirilən unikal eksponatlardan biri də Azərbaycan xalqının Ümummilli Lideri, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilmiş universitetin fəxri doktoru diplomlarıdır. Burada universitetin fəxri doktoru adına layiq görülmüş ictimai-siyasi, elm xadimlərinin fotoşəkilləri, onlara verilən diplom nümunələri də nümayiş olunur. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin BDU haqqında kəlamlarının əks olunduğu guşə, BDU-nun 100 illiyinə həsr edilmiş kitablar, poçt markası, ölkədə və beynəlxalq təşkilatlarda keçirilmiş silsilə yubiley tədbirlərini əks etdirən fotoşəkillər muzeydə xüsusi yer tutur. Son illər BDU-nun beynəlxalq reytinq agentliklərində əldə etdiyi yüksək nəticələri əks etdirən sənədlərin nüsxələri də “Universitetin tarixi” bölməsində sərgilənir. Muzeyin maraqlı eksponatlarından biri də BDU-nun tədris korpuslarının 1960-cı illərdə hazırlanmış layihəsidir. Məhz bu layihə əsasında 1965-ci ildə universitetin Yasamal rayonu ərazisində ilk tədris korpusu tikilib.

