Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin sədri, şair-publisist, Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyi münasibətilə “Uzanan ömrüdü şair dünyanın” adlı ədəbi-bədii gecə keçirilib.
Muğam Mərkəzindən “Tehsil365"ə bildirilib ki, tədbir şairin yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Daha sonra Xalq şairi Nəriman Həsənzadənin yubilyara ünvanladığı təbrik videoformatda təqdim olunub.
Gecənin aparıcısı yazıçı-publisist Əkbər Qoşalı Barat Vüsalın sənət dünyasından söz açıb. Bildirib ki, Barat Vüsal sözə dayanan, sözün məsuliyyətini daşıyan şairlərdəndir. Onun şeirlərində biz həm lirikanı, həm də Vətənin nəfəsini, xalqın yaddaşını, tarixin səsini eşidirik.
Yubiley gecəsində çıxış edən AYB-nin sədr müavini Rəşad Məcid yubilyarın həm şair, həm bölmə rəhbəri kimi fəaliyyətini, yaradıcılığını yüksək qiymətləndirərək ona Azərbaycan Yazıçılar Birliyinin xüsusi diplomunu təqdim edib.
Milli Məclisin deputatı Səməd Seyidov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, tənqidçi və ədəbiyyatşünaslar Rüstəm Kamal, Əsəd Cahangir, Məti Osmanoğlu və "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədov çıxışlarında şairin yaradıcılığının çoxşaxəli olduğunu vurğulayıblar. Bildirilib ki, Barat Vüsal yaradıcılığında hər zaman milli-mənəvi dəyərləri yaşadaraq təbliğ edən ziyalılardandır.
Tədbirdə aşıqlar Avdı Musayev, Şaiq İncəli, Cahangir Gədəbəyli, İlqar Qələmçili və Şahin Süleymanov çıxış ediblər.
AYB-nin Poeziya sektorunun rəhbəri, şair İbrahim İlyaslı şairə həsr etdiyi şeiri oxuyub. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Kərəm Hadıyev, qiraətçilər Ayna Səs, Səbinə Yusif və şairin nəvəsi Aymən Əsədzadə Barat Vüsal yaradıcılığından nümunələr səsləndiriblər.
Sonda AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib

