Mədəniyyət Nazirliyi, AMEA Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə ithaf olunan tədbir keçirilib.
“Tehsil365" xəbər verir ki, tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev layihənin əhəmiyyətindən danışıb.
Direktor vurğulayıb ki, Prezident İlham Əliyevin 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Sərəncam imzalanması, eləcə də dövlət başçısının 2024-cü ildə sənətkarın abidəsinin açılış mərasimində səsləndirdiyi fikirlər bu böyük sənətkarın irsinə verilən yüksək qiymətin göstəricisidir.
“Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin zirvəsi, “Dədə”lik məqamına yüksəlmiş nadir sənətkarlardandır. Onun yaradıcılığında insan və təbiət gözəlliyi, eləcə də təsəvvüfi-irfani düşüncə yüksək bədii səviyyədə ifadə olunub. Aşıq Ələsgər ümumtürk aşıq poeziyasının ən möhtəşəm simalarından biri kimi Yunus Əmrə, Əhməd Yəsəvi, Qurbani və Abbas Tufarqanlı kimi böyük sənətkarların davam etdirdiyi irfani-poetik xəttin parlaq nümayəndəsidir. Aşıq Ələsgər Azərbaycan dilinin saflığını, milli koloritini və bədii zənginliyini özündə əks etdirən nadir poetik nümunələr yaradıb. Onun dili həm sadə, həm də dərin fəlsəfi qatlara malikdir.
Professor Ali Kafkasyalı Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr etdiyi “Göyçənin bilgə ozanı: Aşıq Ələsgər” adlı kitabı barədə geniş məlumat verib.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, şair-publisist Yusif Nəğməkar Aşıq Ələsgər zirvəsinin bədii-estetik və mənəvi miqyasını səciyyələndirib.
Tədbir bədii hissə ilə davam edib.

