ABŞ-nin Nyu-York şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumu çərçivəsində İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzinin dəstəyi ilə “Süni intellektin inkişafında gənclərin rolu və gələcəyin formalaşdırılması” mövzusunda yan tədbir keçirilib.
“Tehsil365" xəbər verir ki, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, İƏGF Avrasiya Regional Mərkəzi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının tərəfdaşlığı ilə keçirilən tədbir gənc liderlər, ictimai xadimlər və ekspertlər üçün dinamik platforma rolunu oynayıb.
Tədbirdə süni intellektin inkişafında gənclərin liderliyi, potensialın artırılması və rəqəmsal bacarıqların tədrisi, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün qlobal tərəfdaşlığın gücləndirilməsi və məsuliyyətli və etik süni intellekt həllərinin yaradılması mövzusunda mühazirələr dinlənilib.
Tədbirin əsas məqamlarından biri də İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktorunun müavini Ramin Həbibzadənin təqdim etdiyi "Beynəlxalq Gənclər üçün Sİ Müsabiqəsi: Dayanıqlı, davamlı və reinteqrasiyaya uyğun şəhərlərin gələcəyi" layihəsi olub. Mərkəz tərəfindən irəli sürülən bu təşəbbüs gələn ay Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) gənclərin genişmiqyaslı iştirakının təmin edilməsi məqsədilə hazırlanıb.

