Samux rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib.
“Tehsil365" AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, tədbir Samux Rayon İcra Hakimiyyəti, YAP Samux rayon təşkilatı və Samux Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Samux rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra görkəmli oftalmoloq-alim Zərifə Əliyevaya həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə alimin elmə verdiyi töhfələrdən geniş söz açılıb. Vurğulanıb ki, Zərifə xanım zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına dəyərli töhfələr verib. Akademikin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Görkəmli alim Zərifə Əliyevanın daim xatirələrdə yaşayacağı diqqətə çatdırılıb.
Tədbirin sonunda Samux rayonunda fəaliyyətində fərqlənən tibb işçiləri fəxri fərmanlarla təltif ediliblər.

