Aprelin 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Rəyasət Heyəti, Biologiya və Tibb Elmləri Bölməsi və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə görkəmli alim və ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr edilmiş “Nurlu irs – sağlam gələcək – güclü cəmiyyət” mövzusunda elmi konfrans keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin həyat və elmi fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub.
Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, akademik Zərifə Əliyevanın tibb elminə gətirdiyi yeniliklər təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda da böyük diqqətə səbəb olub.
“Müxtəlif peşə sahiblərinin, xüsusilə kimya kimi gözə həssas olan peşə sahiblərinin müalicəsi məsələsi, istehsal proseslərində göz xəstəliklərinin başvermə səbəbləri və müalicəsi keçmiş SSRİ-də elmi problem kimi qoyulmuş və belə bir böyük problem akademik Zərifə xanım Əliyevanın təşəbbüsləri və tədqiqatlarının nəticəsi ilə həll olunub. Zərifə Əliyeva istehsal proseslərində və kimya müəssisələrində peşə xəstəliklərinin müalicəsini klinikalarda, tibb müəssisələrində yox, məhz istehsalat müəssisələrində yaratdığı laboratoriyalarda müayinə edib, diaqnostik cəhətdən qiymətləndirilmiş xassələrini öyrənib, müalicə üsullarını müəyyən edib. Bu, Azərbaycan elminə, cəmiyyətinə, xalqına, onun sağlamlığına ən böyük və yüksək xidmətin əməli ifadəsidir. Bununla da Zərifə xanım tibb elminə böyük yeniliklər gətirmiş, yeni istiqamət açmışdır”, - deyə akademik İsa Həbibbəyli bildirib.
AMEA rəhbəri qeyd edib ki, traxoma xəstəliklərinin Azərbaycanda kütləvi yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən təşəbbüslər Zərifə xanımın vətənpərvərliyindən irəli gəlirdi. 1979-cu ildə AMEA-nın Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və rəhbərliyi ilə Görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyasının yaradıldığını deyən akademik İsa Həbibbəyli alim tərəfindən peşə xəstəliklərinin tədqiqinin, istehsalatyönümlü diaqnostika və müalicə işinin öyrənilməsinin akademik elm səviyyəsinə qaldırıldığını söyləyib.
“2025-ci ildə Zərifə xanım Əliyevanın biblioqrafiyasını yenidən çap etmişik. Həmçinin alimin həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” adlı elmi əsəri AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi tərəfindən əlavələrlə birgə ilk dəfə ingilis dilinə tərcümə olunaraq, yeni tərtibatda Akademiyanın “Elm” nəşriyyatında yüksək səviyyədə işıq üzü görüb. Onun elm sahəsindəki xidmətlərini yenidən Azərbaycan cəmiyyətinə tanıtmağa, o ideyaların inkişaf etdirilməsinə bu gün də böyük ehtiyac var”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva qeyd edib ki, universal dəyərlərə malik şəxsiyyət olan Zərifə xanım Əliyeva həm Ulu Öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı kimi, həm yetişdirdiyi kamil övladlara, həm də elmi, ictimai fəaliyyətinə görə Azərbaycan xalqının qəlbində zirvələri fəth edib.
Akademik Gövhər Baxşəliyeva Zərifə xanımın parlaq şəxsiyyətinin bu gün də cəmiyyətdə yeni nəsil arasında təbliğinə böyük ehtiyac olduğunu söyləyib.
Tədbirdə akademik Zərifə Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.
Elmi konfransda “Elmi və ictimai sahədə qadın liderliyi: tarix və müasir baxış”, “Elmi məktəb və ictimai təsir: davamçılıq fenomeni”, “Zərifə Əliyevanın elmi irsi və müasir oftalmologiyanın inkişafı”, “Zərifə xanımı anarkən”, “Zərifə Əliyeva irsinin təbliği: təhsil və maarifləndirmə strategiyaları”, “Zərifə Əliyevanın ədəbiyyat və incəsənətdə bədii obrazı”, “Zərifə Əliyevanın elmi əsərlərinin dili” və “Alim obrazının simvolik kodları: Zərifə Əliyeva kontekstində” mövzusunda məruzələr dinlənilib.

