Ekspert vurğulayıb ki, antibiotiklərin reseptsiz satılmaması düzgün addımdır. “Antibiotik yalnız həkim tərəfindən təyin olunmalıdır. Onların vurulması da yalnız konkret göstəriş olduqda və xəstəxana şəraitində həyata keçirilməlidir.”
Tibbi ekspert Adil Qeybulla “Tehsil365”ə açıqlamasında bildirib ki, apteklərdə dərmanların reseptsiz satışı bir mənalı şəkildə dayandırılmalıdır. Onun sözlərinə görə, insanların ev şəraitində sistem köçürtməsi, iynə vurması və antibiotikləri özbaşına qəbul etməsi ciddi fəsadlara yol açır. “Bilirsiniz, bu cür hallardan nə qədər ağırlaşmalar, hətta ölüm hadisələri yaranır. Mən hesab edirəm ki, bu işlər gec-tez qaydaya salınmalıdır.”
Qeybullanın fikrincə, illərlə davam edən yanlış praktikanın korreksiyası artıq başlayıb və bu, cəmiyyətdə müəyyən narahatlıq yaratsa da, sağlamlıq üçün vacibdir. “Əvvəlki səhv yoldan dönmək bəzən çətin olur, amma bu addımlar insanların sağlamlığını qorumaq üçün zəruridir.”

