Uşaq tərbiyəsində tez-tez “düzgün davranış” anlayışı ön plana çəkilir. Valideynlər və müəllimlər uşağın səhv etməməsini, qaydalara tam uyğun olmasını istəyir. Lakin mütəxəssislər bildirir ki, bu yanaşma bəzi hallarda uşağın emosional inkişafına mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Töhvə Mustafayeva “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Uşaq daim ‘düzgün olmağa’ məcbur edildikdə, o, özünü sərbəst ifadə etməkdə çətinlik çəkə bilər. Bu, onda daxili gərginlik və narahatlıq yaradır.”
Onun sözlərinə görə, belə uşaqlar səhvdən qorxmağa başlayır: “Uşaq anlayır ki, səhv etmək qəbul olunmur və bu səbəbdən risk etməkdən, yeni şeylər sınamaqdan çəkinir.”
Ekspert qeyd edib ki, bu yanaşma özgüvənə də təsir edir: “Uşaq daim ‘düzgün’ olmaq üçün çalışdıqda, öz istəklərini və hisslərini arxa plana keçirir. Zamanla bu, özünü dərk etmə və özünə inam problemlərinə gətirib çıxara bilər.”
O vurğulayıb ki, emosional ifadə məhdudlaşır: “Uşaq yalnız ‘doğru’ davranışı göstərməyə fokuslandıqda, real emosiyalarını gizlətməyə başlayır. Bu isə onun psixoloji sağlamlığı üçün risk yaradır.”
Ekspert əlavə edib ki, səhv inkişafın təbii hissəsidir: “Uşağın səhv etməsinə imkan vermək onun öyrənmə prosesinin vacib hissəsidir. Səhv etmədən inkişaf mümkün deyil.”
Sonda ekspert bildirib ki, “Uşağa ‘düzgün ol’ deməkdənsə, ona özünü anlamağı, seçim etməyi və məsuliyyət daşımağı öyrətmək daha sağlam yanaşmadır.”

