Azərbaycan Dillər Universitetinin Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının əməkdaşları 23–25 aprel tarixlərində keçirilən Qarabağ- VI Beynəlxalq Elmi Tədqiqatlar Konfransında fəal şəkildə təmsil olunublar.
“Tehsil365” xəbər verir ki, konqres çərçivəsində kafedranın baş müəllimi, t.ü.f.d. Təranə Quluzadə “Qarabağ və Qərbi Azərbaycanın yaylaq adətlərindəki oxşarlıqlar” mövzusunda məruzə ilə çıxış edərək, regionun zəngin etno-mədəni irsini müqayisəli-elmi yanaşma əsasında təhlil edib, ənənəvi həyat tərzinin formalaşmasında ortaq xüsusiyyətləri əsaslandırıb.
Kafedranın baş müəllimi Şəfəq Mustafayeva “Türk dünyası və Azərbaycan” mövzusunda təqdimatında Azərbaycanın türk dövlətləri sistemində geosiyasi və mədəni mövqeyini, həmçinin çoxtərəfli əməkdaşlıq perspektivlərini nəzəri və praktik aspektlərdə geniş şəkildə təhlil edib.
Müəllim Rəşad Babayev “Post-münaqişə dövrlərində dövlət legitimliyinin bərpası: Qarabağ nümunəsi” mövzusunda məruzəsində münaqişədən sonrakı mərhələdə dövlət institutlarının institusional gücləndirilməsi, idarəetmə effektivliyinin artırılması və legitimlik mexanizmlərinin bərpası məsələlərini elmi əsaslarla şərh edib, bu amillərin davamlı inkişaf baxımından strateji əhəmiyyətini vurğulayıb.
Laborant Elmin Hüseynov isə “Beynəlxalq terrorizmlə mübarizə kontekstində tətbiq edilən dövlət sanksiyaları” mövzusunda çıxış edərək, müasir beynəlxalq münasibətlər sistemində sanksiya alətlərinin hüquqi-siyasi mahiyyətini, tətbiq mexanizmlərini və effektivlik səviyyəsini diqqətə çatdırıb.
Qeyd edilməlidir ki, beynəlxalq statusa malik konqres müxtəlif ölkələri təmsil edən alim və tədqiqatçıları bir araya gətirib.
Konqres Qarabağın tarixi irsi, mədəni dəyərləri və post-münaqişə dövründə inkişaf perspektivləri ilə bağlı aktual elmi müzakirələrin aparılması üçün mühüm akademik platforma funksiyasını yerinə yetirib və sonda iştirakçılara sertifikatlar təqdim olunub.

