Bakı Dövlət Universitetinin (BDU) könüllüləri Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyasında iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, 5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Bakıda keçirilən tədbirlərə töhfə vermək məqsədilə Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası təşkil olunub.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının, həmçinin Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin, məktəblilərin və ekokönüllülərin iştirakı ilə baş tutub.
Tədbirdə ümumilikdə 200-dən artıq iştirakçı yer alıb. Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin genişləndirilməsini təşviq etmək, ətraf mühitin mühafizəsinə ictimai diqqəti artırmaq, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsinə dəstək göstərməkdir.

