Azərbaycan Dillər Universiteti-də İngilis və Alman dilləri fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə kafedranın dosenti Kifayət Alırzayevanın “İkinci dil öyrənənlərdə fonetik səhvlərin təhlili” mövzusunda elmi seminarı keçirilib.
“Tehsil365” xəbər verir ki, seminarda dosent Kifayət Alırzayeva çıxış edərək mövzunun aktuallığını vurğulayıb, ikinci dil öyrənənlərdə fonetik səhvlərin yaranma səbəbləri, onların təsnifatı və aradan qaldırılması yolları barədə ətraflı məlumat verib. Məruzədə fonetik bacarıqların inkişafında müasir yanaşmalar və praktik metodlar geniş şəkildə təqdim olunub.
Tədbirdə İngilis və Alman dilləri fakültəsinin dekanı, dosent Naibə Camalzadə, İngilis və Fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva, İngilis dilinin fonetikası kafedrasının müdiri, dosent Xatirə Qocayeva, kafedranın müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxış edənlər mövzunun elmi və praktik əhəmiyyətini qeyd edərək, bu cür seminarların tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi və praktik bacarıqlarının inkişafı baxımından mühüm rol oynadığını bildiriblər. Seminar interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.
Sonda bu kimi elmi seminarların gələcəkdə də davam etdiriləcəyi vurğulanıb.

