Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə, Goranboy və Naftalan şəhərlərində ümumi təhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən “Tehsil365"ə verilən məlumata görə, görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb rəhbərliyi, bufet operatorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Bildirilib ki, məqsəd məktəb bufetlərinə nəzarətin gücləndirilməsi, sanitar-gigiyenik qaydalara riayət olunması və şagirdlər arasında sağlam qidalanma vərdişlərinin təşviq edilməsidir.
Görüşdə iştirakçılara qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələbləri, məktəb bufetlərində sanitar-gigiyenik və texniki-normativ qaydalar, qida məhsullarının düzgün saxlanma, daşınma və istehlak şərtləri barədə ətraflı məlumat verilib. Qida zəhərlənmələrinin profilaktikası və bu halların qarşısının alınması yolları izah olunub. Eləcə də sağlam qidalanma prinsipləri və gənc nəslin fiziki inkişafında keyfiyyətli qidanın rolu diqqətə çatdırılıb. Bufet operatorlarına müvafiq metodiki tövsiyələr verilib və iştirakçıların sualları cavablandırılıb.
Maarifləndirici görüşlər digər təhsil müəssisələrində davam etdiriləcək.

