Onun sözlərinə görə, birbaşa iqtisadi effekt kirayə haqqı, qida, nəqliyyat, əyləncə və gündəlik xərclər üzərindən formalaşır. “Böyük şəhərlərdə, xüsusilə Bakıda bu axın kirayə bazarına, pərakəndə ticarətə və xidmət sektoruna real töhfə verir. Əgər hər il 10-15 min xarici tələbə oxuyursa, illik xərcləri onlarla milyon dollara çata bilər.”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Tehsil365”ə açıqlamasında bildirib ki, Azərbaycanda təhsil alan xarici tələbələrin iqtisadi və sosial təsiri mövcuddur, lakin bu təsir hələ ölkənin potensialına uyğun səviyyədə deyil.
Ekspert daha vacib dolayı təsirlərə diqqət çəkib. Xarici tələbələr öz ölkələrinin dilini, mədəniyyətini və iş dünyası ilə əlaqələrini gətirirlər. “Azərbaycanla tanış olub geri qayıdan gənc mütəxəssis gələcəkdə investisiya qərarı verəndə və ya tərəfdaş axtaranda bu ölkəyə üstünlük verə bilər. Bu, yumşaq gücün iqtisadi dividendinə çevrilir. Türkiyə, Rusiya, Çin bu mexanizmi çoxdan başa düşüb və tələbə cəlbini dövlət strategiyasına çevirib.”
Nəsirlinin sözlərinə görə, problem ondadır ki, Azərbaycanda xarici tələbə cəlbi hələ sistematik şəkildə idarə olunmur. Güclü dövlət proqramı, qrant mexanizmi və inteqrasiya siyasəti mövcud deyil. Gələnlər əsasən fərdi seçimlə və ya ucuz təhsil axtarışı ilə gəlirlər ki, bu da ölkənin brendinə neytral təsir göstərir.
Ekspert əlavə edib ki, struktur məsələləri də ciddi maneələr yaradır. Xarici tələbə burada oxuyub mütəxəssis kimi qalmaq istəsə, işə qəbul mexanizmləri, viza statusu və tanınma çərçivəsi hələ primitiv səviyyədədir. “Ən yaxşı kadrları saxlamaq imkanını əldən veririk. Əgər bu məsələyə dövlət strategiyası kimi yanaşılsa, həm gəlir, həm diplomatik kapital, həm də uzunmüddətli iqtisadi əlaqələr baxımından qazanc qat-qat böyük ola bilər.”

