“Uşaqlarda özgüvənin zəif olması onların həm təhsilinə, həm də sosial münasibətlərinə mənfi təsir göstərir.”
Bu sözləri "Tehsil365"ə açıqlamasında psixoloq Arzu Fərəcova deyib.
O bildirib ki, uşaqlarda özünəinamın azalmasının əsas səbəblərindən biri davamlı müqayisə və həddindən artıq tənqiddir. Onun sözlərinə görə, ailədə və məktəbdə uşağın daim başqaları ilə müqayisə olunması onda uğursuzluq hissi yarada bilər.
Psixoloq qeyd edib ki, özgüvəni zəif olan uşaqlar fikirlərini ifadə etməkdə, qərar verməkdə və kollektivə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu hal zamanında aradan qaldırılmadıqda gələcək dövrdə də davam edə bilər.
Açıqlamada vurğulanıb ki, valideynlər və müəllimlər uşağın kiçik uğurlarını qiymətləndirməli, onu dəstəkləməli və bacarıqlarına inanmasını gücləndirməlidirlər.
Sonda psixoloq əlavə edib ki, sağlam mühitdə böyüyən uşaqlarda özgüvən daha güclü formalaşır.

