Aprelin 27-də Azərbaycan Dillər Universitetinin “Şərq ölkələri üzrə regionşünaslıq” kafedrasının baş müəllimi Şəfəq Mustafayeva, Rəşad Babayev və Nigar Dünyamalıyevanın təşkilatçılığı ilə Hindistanşünaslıq və Pakistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərs keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirin qonağı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin birinci dərəcəli müşaviri, fəlsəfə üzrə fəlsəfə doktoru Gülnarə Ağalarova çıxışı zamanı peşəkar fəaliyyət yolundan söz açaraq bildirib ki, o, uzun illər müxtəlif ölkələrdə, o cümlədən Hindistanda Azərbaycan səfirliyində müşavir vəzifəsində çalışıb.
Qonaq həmin illərlə bağlı xatirələrini tələbələrlə bölüşərək Hindistanın zəngin və rəngarəng cəmiyyət quruluşunun onda dərin təəssürat yaratdığını vurğulayıb. O qeyd edib ki, Hindistan müxtəlif dillərin, dinlərin, adət-ənənələrin və həyat tərzlərinin bir arada yaşadığı nadir ölkələrdəndir. Ölkənin hər ştatında fərqli mədəniyyət nümunələri, geyim tərzi, mətbəx ənənələri və mərasimlər müşahidə olunur.
Gülnarə Ağalarova xüsusilə Hindistan xalqının qonaqpərvərliyindən, ailə dəyərlərinə bağlılığından və gündəlik həyatda ənənələrə verdiyi önəmdən bəhs edib. Dini bayramlar və milli festivallar isə xalqın həyatsevərliyini və zəngin mənəvi dünyasını əks etdirir.
Diplomat Hindistanın etnoqrafik çalarlarından danışarkən ölkənin milli geyimlərini, xüsusilə qadınların sari geyimlərini, kişilərin ənənəvi libaslarını, əl sənətlərini və rəssamlıq ənənələrini xüsusi qeyd edib.
Tələbələr üçün ən maraqlı məqamlardan biri isə onun diplomatik fəaliyyəti dövründə şahidi olduğu gündəlik həyat səhnələri olub. O, küçə həyatının dinamikliyi, dini mərasimlərin təntənəsi, müxtəlif icmaların harmoniyası və qədim ənənələrlə müasir inkişafın yanaşı mövcudluğunu xüsusi vurğulayıb.
Görüş tələbələrdə Hindistana dair daha canlı təsəvvür formalaşdırıb, nəzəri biliklərin real həyat nümunələri ilə tamamlanmasına mühüm töhfə verib.

