Bakı Mühəndislik Universitetinin (BMU) “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə bir qrup tələbəsi Abşeron Logistika Mərkəzinə ekskursiya edib.
“Tehsil365” xəbər verir ki, BMU-nun Logistika və nəqliyyat kafedrasının dosenti Leyla Həsrətovanın rəhbərliyi ilə təşkil edilən səfər zamanı tələbələr müəssisənin fəaliyyəti ilə yerində tanış olublar. Onlara “vahid pəncərə” sistemi çərçivəsində göstərilən xidmətlər, logistikanın mahiyyəti, daşımaların növləri, sənədləşmə prosesi, eləcə də broker xidmətləri və gömrük rəsmiləşdirilməsi barədə ətraflı məlumat verilib.
Bundan əlavə, tələbələr “İnteqrasiya edilmiş menecment sistemi” ilə tanış olub, anbar idarəetmə proqramı (WMS) vasitəsilə anbar əməliyyatlarını, məhsulların yerləşdirilməsi və saxlanılması prosesini, həmçinin izlənilmə və barkodlaşdırma sistemlərini canlı şəkildə müşahidə ediblər.
Səfər zamanı tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

