Orta əsrlər Azərbaycan ərazisində şəhərsalmanın ən yüksək inkişaf mərhələsi kimi səciyyələnir. Həmin dövrdə şəhərlər yalnız iqtisadi və inzibati mərkəzlər deyil, həmçinin iri sənətkarlıq, ticarət və mədəniyyət ocaqları kimi formalaşıb. Arxeoloji tədqiqatlar və yazılı mənbələr göstərir ki, şəhərlərin planlaşdırma strukturu artıq müəyyən sistemə əsaslanırdı və onların inkişafı kompleks xarakter daşıyırdı.
Orta əsrlər şəhərlərinin əsas planlaşdırma modeli üç hissədən ibarət idi: narınqala, şəhristan (daxili şəhər) və rabad (şəhərətrafı ərazi). Sitadel adətən şəhərin ən hündür və müdafiə baxımından əlverişli hissəsində yerləşir, burada hökmdarın iqamətgahı və inzibati tikililər cəmləşirdi. Şəhristan şəhərin əsas yaşayış və ictimai mərkəzi olmaqla, bazarlar, məscidlər və digər ictimai tikililəri özündə birləşdirirdi. Rabad isə əsasən sənətkarların və tacirlərin məskunlaşdığı əraziləri əhatə edirdi.
“Tehsil365" xəbər verir ki, bu barədə AZƏRTAC-a Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə məlumat verib. O qeyd edib ki, orta əsrlərdə Bərdə, Gəncə və Beyləqan şəhərləri iri ticarət-sənətkarlıq mərkəzləri kimi inkişaf etmişdi. Bu şəhərlərdə güclü müdafiə divarları, bürclər və xəndəklərlə yanaşı, inkişaf etmiş su təchizatı və kanalizasiya sistemlərinin mövcudluğu şəhərsalmanın yüksək səviyyəyə çatdığını göstərir.
Şəhər iqtisadiyyatının əsasını sənətkarlıq və ticarət təşkil edirdi. Zərgərlər, dəmirçilər, toxucular və digər ustalar xüsusi məhəllələrdə cəmləşir, bu isə şəhərin daxili strukturunun funksional prinsiplər əsasında təşkil olunduğunu göstərirdi. Eyni zamanda, karvan yolları üzərində yerləşən şəhərlər beynəlxalq ticarətdə mühüm rol oynayaraq geniş iqtisadi əlaqələr qururdu.
Xüsusilə paytaxt funksiyasını yerinə yetirən Təbriz və Şamaxı regionun əsas ticarət və mədəniyyət mərkəzlərinə çevrilmiş, iri bazarlar, karvansaralar və monumental memarlıq kompleksləri ilə seçilmişdir. Bu şəhərlərdə mərkəzi meydanlar, bazar sistemləri və ictimai məkanlar şəhər həyatının əsas təşkilatçı elementləri kimi çıxış edirdi. Orta əsrlər Azərbaycan şəhərləri planlı quruluşu, inkişaf etmiş infrastrukturu və çoxşaxəli funksiyaları ilə şəhərsalmanın yetkin modelini formalaşdırmış və sonrakı dövrlər üçün əsaslı təməl yaratmışdır.
Beləliklə, aparılan təhlillər göstərir ki, Azərbaycan ərazisində şəhərsalma ənənələri dərin tarixi köklərə malik olmaqla yaşayış məskənləri Paleolit dövründən başlayaraq mərhələli şəkildə inkişaf edib. Neolit və Eneolit dövrlərində formalaşmış ilkin məskunlaşma prinsipləri, Tunc dövrünün ortalarında yaranan protoşəhər xüsusiyyətləri, antik və Qafqaz Albaniyası mərhələsində sistemli şəhər strukturlarının təşəkkülü və orta əsrlərdə bu prosesin yüksək inkişaf səviyyəsinə çatması şəhərsalmanın ardıcıl və kompleks inkişaf yolunu nümayiş etdirir.
Arxeoloji materiallar bu inkişafın əsas mənbəyi kimi çıxış edərək qədim yaşayış məskənlərinin plan quruluşunu, tikinti texnologiyalarını və sosial-iqtisadi xüsusiyyətlərini bərpa etməyə imkan verir. Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan inşaat materialları, o cümlədən bişmiş və çiy kərpic nümunələri, daş konstruksiya elementləri, kirəmitlər, saxsı tünglər və memarlıq detallarının fraqmentləri qədim şəhərsalma texnologiyalarını və planlaşdırma prinsiplərini maddi sübutlarla əks etdirir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə aparılan tədqiqatların aktuallığını daha da artırır və milli irsə əsaslanan davamlı şəhərsalma modelinin formalaşdırılmasına geniş imkanlar yaradır. Tarixi təcrübənin öyrənilməsi və müasir yanaşmalarla inteqrasiyası Azərbaycanın şəhər mühitinin gələcək inkişafında mühüm rol oynayacaq.

