Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vorvik Universiteti ilə birgə həyata keçirilən bərpaolunan enerji ixtisası üzrə ikili diplom magistr proqramının ilk məzun buraxılışı olub.
ADNSU-dan “Tehsil365"ə bildirilib ki, mərasimdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək əklil qoyublar.
Tədbirin rəsmi hissəsi məzunların səhnəyə daxil olması ilə başlayıb. Daha sonra proqramın birillik fəaliyyətini əks etdirən təqdimat və icmal video nümayiş olunub.
Mərasimdə çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov ikili diplom proqramlarının universitetin beynəlmiləlləşmə strategiyasında mühüm yer tutduğunu vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər tələbələrə beynəlxalq səviyyəli təhsil almaq imkanı yaradır və onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Rektor proqramın dövlət tərəfindən maliyyələşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək bunu Prezident İlham Əliyevin gənclərin yüksəksəviyyəli təhsil almasına göstərdiyi diqqətin növbəti təzahürü kimi dəyərləndirib. O, proqramın uğurla həyata keçirilməsinə verdikləri dəstəyə görə Elm və Təhsil Nazirliyinə və Vorvik Universitetinin “Warwick Manufacturing Group” (WMG) strukturuna təşəkkürünü bildirib.
Vorvik Universitetinin “Warwick Manufacturing Group” (WMG) strukturunun beynəlxalq əlaqələr üzrə dekan müavini professor Robin Klark proqramın uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib və tərəfdaşlığın inkişaf perspektivlərini qeyd edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında proqramın əhəmiyyətindən danışaraq məzunları təbrik edib, onların ölkənin enerji sektorunun inkişafında mühüm rol oynayacaqlarını bildiriblər.
Qeyd olunub ki, ADNSU və Vorvik Universiteti arasında həyata keçirilən bu proqram bərpaolunan enerji sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib. Proqram çərçivəsində tələbələr həm beynəlxalq səviyyəli akademik biliklərə yiyələnib, həm də real sənaye təcrübəsi qazanıblar. Tədris prosesi “Warwick Manufacturing Group” (WMG) tərəfindən təqdim olunan modullar, ADNSU-nun akademik kursları və dissertasiya mərhələsindən ibarətdir. Proqramın ilk buraxılışı üzrə 27 məzun təhsilini uğurla başa vurub.
Proqramın mühüm komponentlərindən biri də tələbələrin Böyük Britaniyada təşkil olunan yay məktəbində iştirakıdır. Bu müddət ərzində onlar bərpaolunan enerji obyektlərini ziyarət edib, sənaye nümayəndələri ilə görüşüb və beynəlxalq akademik mühitlə yaxından tanış olublar.
Tədbir çərçivəsində məzunların çıxışları dinlənilib, daha sonra diplomların təqdimat mərasimi keçirilib. Məzunlara Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Vorvik Universiteti tərəfindən ikili magistr diplomları təqdim olunub.
Qeyd edək ki, proqram tam şəkildə ADNSU tərəfindən maliyyələşdirilir və tələbələrə ödənişsiz şəkildə beynəlxalq səviyyəli təhsil alma imkanı yaradır. Bu təşəbbüs ölkədə bərpaolunan enerji sahəsində insan kapitalının inkişafına mühüm töhfə verir.
Tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, beynəlxalq tərəfdaşlar, sənaye nümayəndələri, müəllimlər, məzunlar və valideynlər iştirak ediblər.

