Aprelin 29-da AMEA Arxeologiya və Antropologiya İnstitutunda müasir arxeologiyada tətbiq olunan yeni yanaşmalar və praktiki tətbiqlərlə bağlı təlim-treninqlərə başlanılıb. Əsas təşkilatçılar Arxeologiya və Antropologiya İnstitutu, Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Bakı Dövlət Universitetidir.
“Tehsil365” xəbər verir ki, bu barədə AMEA-dan bildirilib. Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiya tarixində ilk dəfə olaraq qardaş Türkiyənin tanınmış elm adamlarının iştirakı ilə arxeologiya sahəsində təlimlərə başlanıldığını diqqətə çatdırıb. AMEA rəhbəri vurğulayıb ki, XX əsrin sonlarından etibarən Türkiyə-Azərbaycan münasibətləri xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən yeni səviyyəyə yüksəldilib. Nəticədə Azərbaycan və Türkiyə iqtisadiyyat, mədəniyyət, elm, hərb və digər sahələrdə “bir millət, iki dövlət” prinsipinin real və uğurlu nümunəsini nümayiş etdirir. Bu gün hər iki ölkənin prezidentləri bu qardaşlığı həm dövlətlərarası münasibətlərdə, həm də şəxsi əlaqələrdə ən parlaq şəkildə dünyaya təqdim edirlər. “Akademiyada fəaliyyət göstərən 10 institut və 4 regional mərkəzin hər biri Türkiyənin müvafiq elmi qurumları və ali təhsil müəssisələri ilə, o cümlədən Türkiyə Elmlər Akademiyası, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu və Türk Dil Qurumu ilə sıx elmi əlaqələr qurub və bu əməkdaşlıq uğurla davam etdirilir”, - deyə akademik İsa Həbibbəyli bildirib. O, fevralın sonunda AMEA-da Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirildiyini xatırladaraq həmin tədbirdə Türkiyədən 85 alim və mütəxəssisin iştirak etdiyini diqqətə çatdırıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib ki, üç gün davam edəcək treninqin əsas məqsədi Azərbaycanda son dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tətbiq olunan yeni tədqiqat üsulları ilə bağlı qardaş Türkiyənin təcrübəsindən yararlanmaqdır. Onun sözlərinə görə, Türkiyədə aparılan arxeoloji tədqiqatların nəticələri və tətbiq edilən metodlar Azərbaycan tədqiqatçıları üçün böyük maraq doğurur və gələcəkdə ortaq tədqiqatların təşkilində bu təcrübələrdən geniş istifadə ediləcək.
İnstitut direktoru, həmçinin treninqin Azərbaycan Mədəniyyət Nazirliyinin mütəxəssisləri ilə birgə təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, aparılan elmi tədqiqatlar nazirliyin tabeliyində fəaliyyət göstərən qoruqların mütəxəssisləri ilə birgə, vahid komanda şəklində həyata keçirilir. Abidələrin tədqiqi, konservasiyası və sonrakı qorunma mərhələləri kompleks şəkildə, qoruq işçiləri ilə əməkdaşlıq şəraitində aparılır. O, treninqlərdə nazirliyin 20-yə yaxın əməkdaşının iştirak etdiyini və arxeologiya elminin inkişafı üçün bu əməkdaşlığın zəruri olduğunu vurğulayıb.
Fərhad Quliyev təlimlərin aprelin 29-u və mayın 1-də AMEA-da, aprelin 30-da isə Bakı Dövlət Universitetində təşkil ediləcəyini diqqətə çatdırıb. Həmçinin bildirib ki, institutun təşəbbüsü ilə Bakı Dövlət Universitetində Arxeologiya və Mədəni İrs ixtisası üzrə ayrıca bölmənin yaradılması ilə bağlı rəsmi təklifin irəli sürülməsi nəzərdə tutulur. O, türkiyəli arxeoloq Zafer Derinlə əldə olunan razılaşmaya əsasən treninqlərin davamlı təşkilinin nəzərdə tutulduğunu vurğulayıb. Fərhad Quliyev treninqlər çərçivəsində arxeoloji tədqiqata hazırlıq, arxeometrik tədqiqatlar, çöl şəraitində iş prosesi, ölçmələrin aparılması, hesabat və sənədlərin hazırlanması ilə bağlı məruzələrin təqdim ediləcəyini, eləcə də iştirakçıların Qarabağda aparılan arxeoloji qazıntılarla tanış olacağını söyləyib.
Daha sonra türkiyəli mütəxəssislər – dosent Zafer Derin “İzmir şəhərində yerləşən Yeşilova və Yassıtəpə arxeoloji abidələrində aparılan arxeoloji qazıntılar”, İzmir Bornova Bələdiyyəsinin arxeologiya üzrə mütəxəssisi Mehmet Akif Erdem “Arxeoloji qazıntılarda istifadə olunan üsullar (Yeşilova abidəsinin təcrübəsində)” və Ege Universitetinin Arxeologiya bölümünün elmi işçisi Özgen Çelik “Arxeoloji çöl tədqiqatlarında sənədləşdirmə, qeydiyyat və ətraf mühitin təhlili” mövzuları üzrə treninqlər keçiriblər.
Təlimçilər apardıqları tədqiqatların məqsədinin müəyyənləşməsi, metodologiyası, istifadə etdikləri texnoloji vasitələr və ortaya çıxan problemlər üzrə topladıqları təcrübə və biliklərini bölüşüblər.

