Azərbaycanın tanınmış alimi və təhsil təşkilatçısı Siyavuş Fərhad oğlu Qarayev 1942-ci il aprelin 30-da Samux rayonunda anadan olub.
“Tehsil365” xəbər verir ki, O, uzun illər ərzində ölkənin ali təhsil sistemində mühüm rol oynayıb və xüsusilə neft sahəsində kadr hazırlığına böyük töhfələr verib.
Siyavuş Qarayev 1997-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə ali məktəbdə tədris və elmi fəaliyyətin səviyyəsi yüksəlib, beynəlxalq əlaqələr genişlənib və müasir təhsil standartlarının tətbiqi istiqamətində mühüm addımlar atılıb.
Alim kimi o, üzvi kimya sahəsində dərin tədqiqatlar aparıb, kimya elmləri doktoru (1981) və professor (1984) elmi adlarını alıb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi fəaliyyətinə verilən yüksək qiymət idi.
Siyavuş Qarayev 2015-ci il yanvarın 1-də Bakıda vəfat edib. Onun fəaliyyəti Azərbaycan elmi və təhsil tarixində mühüm yer tutur.

