Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış tarzən Ramiz Quliyev vəfat edib.
“Tehsil365” xəbər verir ki, O, 2025-ci il oktyabrın 15-də Bakıda dünyasını dəyişib.
1947-ci il aprelin 30-da Ağdamda anadan olan Ramiz Quliyev Azərbaycan milli musiqisinin inkişafında mühüm rol oynayıb. O, uzun illər ərzində tar ifaçılığı sənətini yüksək səviyyədə təbliğ edərək həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük nüfuz qazanıb.
Ramiz Quliyev 1988-ci ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb. 2014-cü ildə isə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunub. Onun ifaları milli musiqi irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sənətkarın vəfatı Azərbaycan musiqi ictimaiyyəti üçün böyük itkidir. O, öz zəngin yaradıcılığı ilə yaddaşlarda yaşayacaq.

