Aprelin 28-də Azərbaycan Dillər Universitetinin (ADU) BMR fakültəsi və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “1920-ci il 28 Aprel işğalı: tarixi-siyasi kontekstdə təhlil” mövzusunda dəyirmi masa keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə açan fakültə dekanı professor İbrahim Kazımbəyli 28 Aprel işğalı ərəfəsində həm regional, həm də beynəlxalq vəziyyəti şərh edərək bildirib ki, XX əsrin əvvəllərində Cənubi Qafqaz regionu mürəkkəb geosiyasi transformasiyalar məkanına çevrilmişdi. Bir tərəfdən Birinci Dünya müharibəsinin nəticələri, digər tərəfdən isə Rusiya imperiyasının süqutundan sonra yaranmış siyasi boşluq regionda yeni güc balansının formalaşmasına səbəb olmuşdu. Bu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti öz dövlət müstəqilliyini qorumaq üçün həm daxili siyasi sabitliyi təmin etməyə, həm də xarici təzyiqlərə qarşı dayanıqlı siyasət yürütməyə çalışırdı. Professor İ.Kazımbəyli qeyd edib ki, 28 Aprel işğalı Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, həm də milli dövlətçilik ənənələrinin sınağa çəkildiyi mürəkkəb bir mərhələni əks etdirir. Bu baxımdan, mövzunun elmi müstəvidə araşdırılması və gənc nəsilə düzgün şəkildə çatdırılması aktual vəzifələrdən biridir.
Magistratura şöbəsinin müdiri, Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov “Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və geosiyasi reallıqlar” mövzusunda çıxış edərək AXC-nin süqutu ərəfəsində beynəlxalq münasibətlərdəki gərginlik, Paris sülh konfransında iştirak edən dövlətlər arasındakı ziddiyyətlər, Türkiyənin mövqeyi haqqında məlumat verdi və AXC-nin faktiki olaraq Sovet Rusiyası qarşısında köməksiz qaldığını bildirib. Daha sonra Namiq Əsədov AXC-nin və Azərbaycana hücum edən Sovet Rusiyasının hərbi qüvvələrini müqayisəli təhlil edərək daxili düşmənlərə və ermənilərin təxribatçı hücumlarına qarşı mübarizə şəraitində AXC-nin işğalçı Sovet Rusiyasına qarşı müqavimət imkanlarının son dərəcə məhdud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının dosenti, Namiq Kərimov “XI Ordunun Azərbaycan Xalq Cümhuriyyətinə hərbi müdaxiləsinin 1919-cu il 16 iyun Azərbaycan-Gürcüstan hərbi ittifaqı konteksində təhlili” mövzusunda çıxış edərək həmin vaxt hüquqi baxımdan AXC-nin yardım ala biləcəyi əsas dövlətin Gürcüstan olduğunu bildirməklə yanaşı, müqavilənin maddələrini şərh edərək onun hansı tarixi zərurətdən doğduğunu və tərəflər üçün əhəmiyyətini geniş təhlil edib. N. Kərimov müqavilənin şərtlərindən irəli gələrək Gürcüstanın nəinki Azərbaycana kömək etmədiyini, hətta AXC hökümətini reallığı əks etdirməyən və gerçəklikdən uzaq olaraq tənqid etməsinin ağır nəticələrinin bir müddət sonra özləri işğal ilə üz-üzə qaldıqda dərk etdiklərini xüsusi olaraq vurğulanıb.

