Bakı Mühəndislik Universiteti (BMU) ilə beynəlxalq biznes proqram təminatı şirkəti olan Odoo arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Tehsil365” xəbər verir ki, memorandumun imzalanması universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, innovasiya ekosisteminin inkişafının dəstəklənməsi və tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm addım kimi qiymətləndirilib. Bildirilib ki, tərəfdaşlıq tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlar əldə etməsinə, rəqabətqabiliyyətliliyinin artırılmasına və praktiki təcrübələrinin genişlənməsinə töhfə verəcək.
Memoranduma əsasən, Odoo BMU Texnoparkı ilə birgə müxtəlif inkişaf proqramları həyata keçirəcək. Əməkdaşlıq çərçivəsində universitetin tələbə və müəllim heyəti Odoo platforması vasitəsilə ödənişsiz təlim resurslarına və biznesin idarə olunmasına yönəlmiş müxtəlif tətbiqlərə çıxış imkanı əldə edəcək.
Sənəd çərçivəsində biznes proseslərini əhatə edən praktiki təlim bazalarının yaradılması, vörkşop və ixtisasartırma proqramlarının təşkili, tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsi, “Class-to-Career” proqramı vasitəsilə onların əmək bazarına hazırlanması, eləcə də texnoloji yarışlar, müsabiqələr vasitəsilə innovativ düşüncə və təşəbbüskarlıq bacarıqlarının təşviqi nəzərdə tutulur.
Qeyd edək ki, Odoo-nun təhsil proqramı çərçivəsində təqdim olunan resurslar dünya üzrə milyonlarla istifadəçi tərəfindən tətbiq edilən ERP sisteminə əsaslanır və tələbələrə real biznes mühitində istifadə olunan alətlərlə işləmək, praktiki biliklərini inkişaf etdirmək imkanı yaradır.

