Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı və “Expressbank” ASC-nin birgə təşkilatçılığı ilə İqtisadiyyat fakültəsinin tələbələri üçün maliyyə savadlılığına həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, açıılış nitqi ilə çıxış edən BMU Texnoparkının müdiri Vüsal Süleymanlı və “Expressbank”ın Reklam və marketinq şöbəsinin rəhbəri Ayşən Həsənova gənclərin şəxsi maliyyə idarəetməsi sahəsində bilik və bacarıqlarının artırılması baxımından seminarın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, büdcənin planlaşdırılması, gəlir və xərclərin effektiv idarə olunması, eləcə də qənaət vərdişlərinin formalaşdırılması kimi əsas maliyyə bilikləri tələbələrin gələcək həyat və karyerasında mühüm rol oynayır.
Sonra “Expressbank”ın Expresspay şöbəsinin rəhbəri Orxan Mirzəməmmədli çıxış edərək müasir bank xidmətləri, rəqəmsal maliyyə alətləri və onların istifadə imkanları barədə geniş məlumatları nəzərə çatdırıb. Həmçinin bank sektorunda tətbiq olunan innovativ yanaşmalar, onlayn bankçılıq xidmətləri və təhlükəsiz maliyyə əməliyyatlarının aparılması yolları real nümunələr əsasında izah edilib.
BMU-nun Maliyyə və mühasibat kafedrasının dosenti Ağanemət Ağayev isə çıxışında maliyyə savadlılığının iqtisadi qərarvermədə rolu, şəxsi investisiya mədəniyyətinin formalaşdırılması və risklərin düzgün qiymətləndirilməsi mövzularına toxunub. O, eyni zamanda nəzəri biliklərin praktik bacarıqlarla uzlaşdırılmasının vacibliyini qeyd edib.
İnteraktiv formatda davam edən tədbir zamanı gənclərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb, həmçinin iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

