Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) beynəlxalq təcrübə proqramı yekunlaşıb.
“Tehsil365” xəbər verir ki, proqram çərçivəsində Qazaxıstanın Satbayev Universitetinin magistrantları, Almatı Menecment Universitetinin tələbələri, həmçinin Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin professor-müəllim heyəti elmi-tədqiqat və praktiki təcrübə proqramında iştirak ediblər.
ADNSU-da ümumilikdə 48 nəfər elmi tədqiqat təcrübəsi keçərək müxtəlif sahələr üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edib. Proqram müddətində iştirakçılar akademik mühitlə yaxından tanış olub, elmi araşdırmalar aparıb, və sahələri üzrə təcrübə qazanıblar.
Qeyd edək ki, ADNSU-da həyata keçirilən bu təşəbbüs Qazaxıstandan olan magistrant və doktorantların akademik inkişafına töhfə verməklə yanaşı, universitetlərarası əməkdaşlığın daha da möhkəmlənməsinə şərait yaradıb. Qarşıdakı dövrdə tərəflər arasında yeni birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

