Aprelin 29-da Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq indekslər və tədqiqatın analitik qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, seminarda Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi tərəfindən beynəlxalq əməkdaşlıq çərçivəsində ADU-da “AD Scientific Index (Alper-Doger Scientific Index)” innovativ platformasının universitet əməkdaşları üçün istifadəsinin may ayının 1-dən bir il müddətinə açıq olacağı haqqında məlumat verilib.
EKİXM-in əməkdaşı Pərviz Kazımi öz çıxışında ən tanınmış, çoxsahəli istinad verilənlər bazaları, beynəlxalq indeksləşmə və analitik qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verib.
Müasir ali təhsil sistemində elmi fəaliyyətin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsinin vacibliyi günün aktuallığıdır. Belə ki, beynəlxalq elmi bazalarda fəallığın artırılması, müəllif identifikasiyasının dəqiqləşdirilməsi və akademik profilin sistemli idarə olunması universitetin strateji inkişaf prioritetlərindəndir. Eyni zamanda elmi nəticələrin düzgün indeksləşdirilməsi yalnız fərdi müəllif üçün deyil, bütövlükdə universitetin beynəlxalq reytinqlərdə mövqeyinə birbaşa təsir göstərir.
Belə təlimlərin keçirilməsində əsas məqsəd universitet əməkdaşları və gənc tədqiqatçıların elmi fəaliyyətinin rəqəmsal elmi platformalarda sistemli şəkildə təqdim olunması, beynəlxalq elmi göstəricilərinin artırılması, sitat indekslərinin izlənilməsidır. Gələcək seminarlarda da akademik reytinq meyarlarının düzgün tətbiqi və universitetin qlobal elmi məkanla inteqrasiyasının gücləndirilməsi əsas plana daxildir.

