Aprelin 29-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin “Göyçə aşıq məktəbinin ifaçılıq xüsusiyyətləri” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Təqdimatı giriş sözü ilə açan ADU-nun Təhsildə xarici dillər kafedrasının və Qərbi Azərbaycan Mərkəzinin müdiri, dosent Həqiqət Hacıyeva monoqrafiyanın elmi və ideoloji əhəmiyyəti barədə məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması və həmin ərazilərə qayıdışın strateji əhəmiyyəti ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Tədbirdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov qeyd edib ki, Fəxrəddin Atayevin tədqiqatı folklorşünaslıq və musiqişünaslıq elmlərinin vəhdətini özündə ehtiva edir. Həmçinin, müəllif aşıq sənətində söz və musiqi amillərini vəhdətdə araşdıraraq, aşıq havaları ilə şeir janrları arasındakı üzvi bağlılığı elmi əsaslarla təhlil edir. Xüsusilə, aşıq havalarının nota alınma tarixi və professional musiqi yaradıcılığına təsiri məsələlərinin işıqlandırılması monoqrafiyanın elmi dəyərini daha da artırdığını bildirib.
Daha sonra çıxış edən mütəxəssislər əsərin Göyçə aşıq məktəbinin ifaçılıq xüsusiyyətlərinin araşdırılması baxımından mühüm mənbə olduğunu qeyd ediblər.
Tədbirdə, Tacir Qurbanov – Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, Şakir Albalıyev – Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, Şəmsi Qoca – şair-publisist, Zöhrə Qara qızı – şair, Xətai Ələsgərli – “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Vəfa İbrahim – Folklor İnstitutunun aparıcı elmi işçisi, Ruxsarə Adilqızı – Bakı Dövlət Universitetinin dosenti, Əli Şamil – Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, Qurban Hüseyn – Göyçəli şair monoqrafiya haqqında rəy və mülahizələrini bölüşüb.
Natiqlər monoqrafiyada aşıq havalarının metroritmik quruluşunun və çoxvariantlılıq məsələlərinin dərindən araşdırıldığını xüsusi vurğulayıblar.
Tədbirin sonunda müəllif, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev təqdimatın yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə və iştirakçılara dərin təşəkkürünü bildirib.

