Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti maarifləndirici seminar-təlim təşkil edib.
“Tehsil365” xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu bu il ərzində artıq dördüncü dəfə keçirilən bu cür seminarların əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, tədris ili ərzində mütəmadi təşkil olunan bu görüşlər tələbələr tərəfindən böyük maraqla qarşılanır. Mövzuların aktuallığı isə iştirakçıların fəallığını daha da artırır.
Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə qurumun fəaliyyət istiqamətləri, audiovizual sahədə həyata keçirilən tənzimləmə və nəzarət mexanizmləri, həmçinin media subyektlərinin maarifləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Sonra Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Mediada uşaq hüquqlarının müdafiəsi: hüquqi və etik yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. O, audiovizual məzmun hazırlanarkən həssas qruplara, xüsusilə uşaqlara münasibətdə diqqətli yanaşmanın vacibliyini vurğulayıb, mövcud qanunvericilik bazası və hüquqi tənzimləmə mexanizmləri haqqında ətraflı məlumat verib, real nümunələr əsasında mövzunu izah edib.
Tədbirdə son dövrlərdə uşaq hüquqlarının qorunması sahəsində qəbul edilmiş normativ hüquqi aktların əhəmiyyəti də diqqətə çatdırılıb.
İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran sualların cavablandırılması, müzakirələr və praktiki nümunələrin təhlili ilə yekunlaşıb.

