Oğuzda birgəyaşayış mədəniyyətinə həsr olunan maarifləndirici görüşün budəfəki qonaqları rayon məktəbliləri olub.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, müxtəlif xalqların birlik və bərabərlik şəraitində yaşadığı, xeyrlə-şəri ortaq olan bölgələrdən biri də Oğuz rayonudur.
Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə “Birgəyaşayış mədəniyyəti: sülh, hörmət və anlayış” mövzusunda maarifləndirici tədbirin keçirilməsi də heç də təsadüfi deyil. Tədbir Oğuz rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsi və Oğuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Çıxış edənlər gənclər arasında sülh və dözümlülük ideyalarının təşviqi, qarşılıqlı hörmət və anlayış mühitinin gücləndirilməsi, həmçinin milli-mənəvi dəyərlərə əsaslanan birgəyaşayış mədəniyyətinin əsaslarından bəhs ediblər. Natiqlər cəmiyyətdə sağlam münasibətlərin formalaşması üçün tolerantlıq, qarşılıqlı hörmət və anlayış kimi dəyərlərin aşılanmasının xüsusi əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıblar.
Görüş zamanı mövzu ətrafında çıxışlar edilib, iştirakçılarla fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda bu cür maarifləndirici görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.

