Tanınmış bəstəkar, Bakı Dövlət Universitetinin (BDU) Asiya və Afrika ölkələrinin tarixi kafedrasının müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib.
Bu barədə “Tehsil365” ə BDU-dan məlumat verilib. Bildirilib ki, gecədə İqbal Ağayevin musiqiləri Azərbaycanın sevilən sənətkarlarının ifasında səslənib.
Ədəbi-bədii gecədə əvvəlcə BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solisti Pərviz Ağayev musiqisi İqbal Ağayevə məxsus “Bakı Dövlət Universiteti” himnini səsləndirib.
Sonra bəstəkarın həyat və fəaliyyəti barədə videoçarx nümayiş olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış dilçi-alim, şairə Mahirə Nağıqızı musiqinin daim ruhun qidası olduğunu bildirib. O, İqbal Ağayevin əsərlərinin də ən çətin və xoş anlarda insana güc verdiyini deyib, onun tanınmış tarixçi, bəstəkar olmaqla yanaşı, dəyərli bir insan olduğunu qeyd edib.
BDU-nun rektoru Elçin Babayev isə İqbal Ağayevi “tarixçilər içində ən yaxşı bəstəkar, bəstəkarlar içində ən yaxşı tarixçi” kimi xarakterizə edib, bəstəkara və gecədə iştirak edən qonaqlara təşəkkür edib.
Daha sonra Xalq artistləri İlqar Muradov, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Samir Cəfərov, Əməkdar artist Arzu Əliyeva, beynəlxalq mükafatlar laureatı Aynur İsgəndərli, gənc ifaçı Sübhan Məmmədzadə bəstəkarın “Bu gecə”, “Qocaldım, ana”, “Vətəndir”, “Vaxt var”, “Nə yaxşı ki”, “Ulu türk”, “Sevginin dili”, “Ana məhəbbəti”, “Səni axtarıram”, “Nə oldu sənə”, “Ad günü”, “Yaxşı ki varsan, universitetim” kimi sevilən mahnılarını ifa ediblər.
Cahangir Cahangirov adına 35 nəfərlik heyətdən ibarət xor qrupu Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi ilə “Vətəni anlat” balladasını ilk dəfə bu ədəbi-bədii gecədə təqdim edib.
Gecədə universitetin əməkdaş və tələbələri ilə yanaşı, Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia, İqbal Ağayevin sənət dostları, bəstələdiyi mahnıların sözlərinin müəllifləri Kəmalə Abiyeva, Yaqut Sadıqova, Bəxtiyar Paşayev və başqaları iştirak ediblər

