Bakı Dövlət Universiteti (BDU), AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib.
Bu barədə “Tehsil365” ə BDU-dan məlumat verilib. Rektor Elçin Babayev bu tədbirin arxeologiya sahəsində elmi potensialın gücləndirilməsi, müasir metodların tətbiqi və beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, BDU-da bu sahə üzrə yüksəkixtisaslı kadrlar yetişdirmək və elmi tədqiqatları daha da genişləndirmək məqsədilə Arxeologiya Tədris-Tədqiqat Mərkəzi, Tətbiqi arxeologiya və Bioarxeologiya elmi-tədqiqat laboratoriyaları yaradılıb: “Arxeologiya tariximizin öyrənilməsinə ən çox yardım edən elm sahəsidir. Tariximizə aid qiymətli mənbələri axtarıb tapmaq, düzgün şərh etmək və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Bu sahədə həm ölkədaxili, həm beynəlxalq əməkdaşlıq, xüsusilə də rəqəmsal texnologiyaların tətbiqi çox vacibdir. Arxeologiya sahəsində daha ciddi, rəqabət apara biləcək nəticələrin alınmasını hədəfləyirik”.
Tədbirin moderatoru, BDU-nun prorektoru Əliş Ağamirzəyev təlim-treninqin Bakı Dövlət Universiteti ilə Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən birgə fəaliyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. O bildirib ki, tədbirin əsas məqsədi arxeoloji tədqiqatlarda istifadə olunan yeni metod və texnologiyalar haqqında məlumat vermək, bu sahədə beynəlxalq təcrübəni yerli elmi mühitə inteqrasiya etməkdir. Bu kimi tədbirlər yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır, gənc tədqiqatçıların formalaşmasına, elmi əlaqələrin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.
Türkiyənin Ege Universitetinin nümayəndə heyətinin rəhbəri Zafer Derin isə arxeologiya sahəsində ortaq tədqiqatların və təcrübə mübadiləsinin çox önəmli olduğunu vurğulayıb. O, Türkiyənin 8500 illik tarixə malik qədim Yeşilova və Yassıtəpə arxeoloji abidələrində aparılan arxeoloji qazıntılar barədə təqdimatların olacağını, arxeometrik analizlər, rəqəmsal arxeologiya metodları barədə məlumatların veriləcəyini bildirib.
Daha sonra Ege Universitetinin tədqiqatçıları Mısra Yanık Yeşilova və Yassıtepe qazıntılarında zooarxeoloji və arxeobotanik məlumatların toplanması və təhlili, materialların analizi, arxeometrik analizlər, Özgen Çelik isə arxeoloji materialların kameral işlənilməsi, sənədləşdirilməsi və saxlanması təcrübələri barədə treninq keçiblər.

