Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsi tərəfindən Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirici görüş təşkil olunub.
Universitetdən “Tehsil365” ə bildirilib ki, görüşdə Dizayn kafedrasının müdiri dosent Vaqif Məmmədov, baş müəllim Rasim Qurbanov, müəllim Aygün İlyasova, Memarlıq və şəhərsalma kafedrasının müəllimi Dürdanə Aslanzadə çıxış ediblər. Çıxışlarda BMU-da tədris olunan ixtisaslar, Çin və Cənubi Koreya universitetləri ilə birgə həyata keçirilən ikili diplom proqramları, o cümlədən ali məktəbin maddi-texniki bazası, burada təhsil alan tələbələrin karyera imkanları barədə zəruri məlumatlar diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyəti, ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının rolu geniş şəkildə vurğulanıb. Bu kontekstdə BMU tərəfindən müasir standartlara uyğun tədris olunan dizayn, memarlıq, şəhərsalma və dekorativ-tətbiqi sənət ixtisasları üzrə daha ətraflı və praktik məlumatlar təqdim edilib, həmin ixtisasların ölkədə aparılan müasir şəhərsalma siyasəti və memarlıq tendensiyaları ilə sıx əlaqəsi xüsusi qeyd olunub.
İnteraktiv müzakirələrlə davam edən görüşdə şagirdlərin sualları ətraflı cavablandırılıb və onların maraq dairələrinə uyğun istiqamətlər üzrə tövsiyələr verilib.

