Moskva şəhərində “Müəllif * süni intellekt = Əqli Mülkiyyət” mövzusunda “Автор/Author - 2026” VI beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransın ilk günündə baş tutan plenar hissədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun “İnnovativ potensial: Əqli mülkiyyət+süni intellekt” mövzusunda geniş məruzəsi dinlənilib.
Bu barədə “Tehsil365"ə Agentlikdən məlumat verilib. Bildirilib ki, beynəlxalq konfrans öz işini seksiyalarda davam edib. Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasında keçirilən seksiyaya onlayn rejimdə qoşulan Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli “Dizaynın hüquqi qorunmasının rəqəmsal transformasiyası: əqli mülkiyyət sistemində institusional təkamül və hüquqi çətinliklər (Azərbaycan nümunəsi)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir dövrdə, xüsusilə də rəqəmsal transformasiya şəraitində dizaynın hüquqi qorunması təhlil edilib.
E.Məmmədli Azərbaycanda əqli mülkiyyət sahəsinin institusional islahatlar və rəqəmsallaşma ilə sıx bağlılığı, Əqli Mülkiyyət Agentliyinin fəaliyyət istiqamətləri, “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf”(PƏNAH) rəqəmli informasiya sistemi, müəlliflik hüququ ilə qorunan əsərlərin qeydiyyatı, sənaye mülkiyyəti obyektlərinin reyestri (“Açıq reyestrlər”) barədə ətraflı məlumat verib.

