Aprelin 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Şərqdə ilk operanın yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi sessiya keçirilib.
İnstitutdan “Tehsil365” ə bildirilib ki, əvvəlcə dahi bəstəkarın zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyət və musiqi tarixində oynadığı roldan bəhs edib. Bildirib ki, Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin, muğam və aşıq sənətinin incə xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yaradıb. Dahi bəstəkar publisist, felyetonçu və librettoçu-dramaturq, həm də Şərqdə ilk musiqili teatrın və ilk konservatoriyanın yaradıcısı kimi Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoyub. Üzeyir Hacıbəylinin, eyni zamanda, böyük ədəbiyyatşünas olduğunu söyləyən AMEA rəhbəri onun publisist yaradıcılığının “Molla Nəsrəddin” ədəbi məktəbinə və onun yaradıcılarına yaxın olduğunu bildirib. O, ədibin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının Azərbaycan musiqi sənətinin inkişafındakı rolunu qeyd edərək, əsərin digər Şərq xalqları üçün də mühüm mənbə olduğunu vurğulayıb.

