AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. AMEA-nın prezidenti institutun direktoru akademik İsa Həbibbəylinin sədrliyi ilə baş tutan tədbirdə şura üzvləri, şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.
Bu barədə “Tehsil365"ə institutdan bildirilib. İclası açan akademik İsa Həbibbəyli filologiya üzrə fəlsəfə doktorları, dosentlər Rauf Sadıxovu 85, Rəşid Kərimovu isə 60 illik yubileyləri münasibətilə təbrik edərək onlara institutun fəxri fərmanlarını təqdim edib.
Daha sonra o, Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2026-cı il tarixli Sərəncamından irəli gələn vəzifələr barədə danışıb. O, şairin irsinin tədqiqi istiqamətində institutda görülən işlər və hazırlanan nəşrlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, yubiley çərçivəsində Bakıda və şairin doğma yurdu Şamaxıda elmi konfransların keçirilməsi planlaşdırılır.
İclasda çıxış edən direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlıq işləri barədə məlumat verib. Bildirilib ki, mayın 22-də start götürəcək festivalın açılış mərasimində akademik İsa Həbibbəylinin giriş nitqi ilə çıxışı və institutun genişmiqyaslı təmsilçiliyi nəzərdə tutulur.
Sonda elmi katib filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı çap və müsabiqə məsələləri ilə bağlı gündəlikdəki mövzuları təqdim edib. Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

