“TəhsilPlus” kartının icrası hazırda planlı və mərhələli şəkildə davam etdirilir.
“Tehsil365“ Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondundan məlumat verilib. Qurumdan bildirilib ki, layihə çərçivəsində məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrini əhatə edən müvafiq qurumlarla koordinasiyalı iş aparılır. Bu mərhələdə təhsil müəssisələrinin məsul şəxsləri ilə silsilə məlumatlandırıcı görüşlər keçirilir.
Görüşlər zamanı kartın funksionallığı, tətbiq mexanizmi, istifadə qaydaları, eləcə də kartların müəssisələr tərəfindən sifarişi və təmin olunması prosesi ətraflı şəkildə izah olunur. Eyni zamanda, layihənin effektiv və düzgün icrasının təmin edilməsi məqsədilə daxili koordinasiya görüşləri davam etdirilir, texniki və inzibati proseslər mərhələli şəkildə tənzimlənir.
Qeyd edilib ki, ilkin mərhələdə artıq müəyyən qrup təhsil işçilərinə kartların təqdim olunması həyata keçirilib və növbəti mərhələlərdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu çərçivədə həm Bakı şəhəri, həm də regionlar üzrə bütün təhsil pillələrini əhatə edən mərhələli tətbiq planı icra olunur. TəhsilPlus kartı ilə bağlı bütün proseslər barədə ictimaiyyətə mütəmadi qaydada əlavə məlumatlar təqdim ediləcək.

