Mədəniyyət Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Bakı Dövlət Universitetinin (BDU) və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın tərəfdaşlığı ilə “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılışı olub.
“Tehsil365“ xəbər verir ki, forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumun açılış nitqini BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov edib. O, çıxışında Azərbaycanın multikultural dəyərlərinin dünyada nümunə kimi qəbul edildiyini vurğulayaraq bu cür platformaların gənclərin beynəlxalq dialoqda fəal iştirakını təşviq etdiyini bildirib.
Daha sonra Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxış edərək mədəniyyətlərarası dialoqun qlobal sülhün təminində mühüm rol oynadığını qeyd edib və Azərbaycanın bu sahədə beynəlxalq təşəbbüslərlə çıxış etdiyini diqqətə çatdırıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə çıxışında ölkəmizdə multikultural mühitin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb, bu modelin beynəlxalq səviyyədə maraq doğurduğunu bildirib.
“Bir Könüllü” Tələbə Təşkilatının layihə rəhbəri Rufiz Qulizadə forumun məqsədlərindən danışaraq qeyd edib ki, tədbir gənclərin mədəni diplomatiyada rolunun artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Forumun davamında üç panel müzakirəsinin keçirilməsi planlaşdırılır. “Azərbaycan multikulturalizm modeli: təcrübə, gənclər və beynəlxalq təsir” mövzusunda paneldə ölkənin bu sahədə təcrübəsi, gənclər arasında təbliği və beynəlxalq təsiri müzakirə olunacaq.
Növbəti panel “Mədəniyyətlərarası dialoq və sülh: qlobal çağırışlar və lokal həllər” mövzusuna həsr ediləcək. Panel çərçivəsində müasir dövrdə mədəniyyətlərarası anlaşmanın əhəmiyyəti və bu istiqamətdə təhsilin rolu diqqətə çatdırılacaq.
“Gənclər və mədəni diplomatiya: yeni nəsil təsir mexanizmləri” adlı üçüncü paneldə isə gənclərin beynəlxalq münasibətlərdə artan rolu və onların sülh təşəbbüslərində iştirakı məsələlərinin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, forum növbəti gün də öz işini davam etdirəcək.
“Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılışı olub
9830.04.2026 - 16:25

