“Azərbaycan cazı həmişə unikal olub. Bizim caz musiqiçilərimiz öz kompozisiyalarında muğamdan istifadə etməyə çalışırlar, nəticədə hər zaman digərlərindən fərqlənən və məhz bu xüsusiyyəti ilə seçilən çox maraqlı üslub yaranır. Həm muğamda, həm də cazda improvizasiya mühüm yer tutur. Bu, onları bir-birinə yaxınlaşdırır”.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, Beynəlxalq Caz Günü münasibətilə tanınmış caz ifaçısı, pianoçu və bəstəkar, Azərbaycanın Əməkdar artisti, “Bakı Piano Festivalı”nın təsisçisi Şahin Növrəsli Azərbaycan cazının dünyada maraq doğurmasından danışıb.
Şahin Növrəsli bildirib ki, Azərbaycan cazı muğam elementləri ilə zəngindir və bu, onu digər ölkələrin caz üslublarından fərqləndirir. Onun sözlərinə görə, muğam və cazda improvizasiya əsas yer tutur və bu oxşarlıq onların bir-birinə yaxınlaşmasına şərait yaradır.
Ş.Növrəsli həmçinin qeyd edib ki, Azərbaycanda istedadlı caz ifaçıları çoxdur və yeni nəsil musiqiçilər yetişməkdədir. O, ölkədə caz musiqisinə marağın yüksək olduğunu da vurğulayıb.

