Azərbaycan aşıq sənətinin tanınmış simalarından olan Aşıq Bəhmən Göyçəli zəngin yaradıcılığı və ustad sənəti ilə xalq arasında böyük hörmət qazanıb.
“Tehsil365” xəbər verir ki, Əsl adı Bəhmən İbrahim oğlu Qarayev olan sənətkar 1901-ci il mayın 1-də Göyçə mahalının Hüseynquluağalı kəndində dünyaya gəlib.
Kiçik yaşlarından saz-söz mühitində böyüyən Aşıq Bəhmən Göyçəli klassik aşıq ənənələrini dərindən mənimsəyərək dövrünün seçilən ustad aşıqlarından birinə çevrilib. Onun şeirləri və dastan ifaları xalq yaradıcılığı nümunələri kimi uzun illər dillər əzbəri olub.
Aşıq Bəhmən yaradıcılığında vətən sevgisi, el-obaya bağlılıq, insanlıq və mənəvi dəyərlər əsas yer tutub. O, saz sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm xidmətlər göstərib.
Görkəmli sənətkar 1976-cı il noyabrın 13-də Vardenis rayonunun Nərimanlı kəndində vəfat edib. Onun irsi bu gün də Azərbaycan aşıq sənətinin qiymətli nümunələri sırasında yaşayır.

