Azərbaycanın görkəmli alimlərindən olan Firuddin Babayev kənd təsərrüfatı elminin inkişafında mühüm xidmətləri ilə yadda qalıb.
“Tehsil365” xəbər verir ki, Firuddin Əli oğlu Babayev 1929-cu il mayın 1-də Bərdə rayonunun Şirvanlı kəndində anadan olub.
O, Azərbaycanın ilk professor fitopatoloqu kimi tanınıb və uzun illər kənd təsərrüfatı sahəsində elmi araşdırmalar aparıb. Biologiya elmləri doktoru olan alim bitki xəstəliklərinin öyrənilməsi və onların qarşısının alınması istiqamətində mühüm elmi nəticələr əldə edib.
Firuddin Babayev 250-dən çox elmi əsərin, dərsliyin və metodik vəsaitin müəllifi olub. Onun elmi fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, alim dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə mühazirələrlə çıxış edib.
Elm sahəsindəki xidmətlərinə görə Firuddin Babayev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.
Görkəmli alim 1987-ci il iyunun 22-də Kirovabadda vəfat edib. Onun elmi irsi Azərbaycan kənd təsərrüfatı elmi üçün bu gün də böyük əhəmiyyət daşıyır.

