Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Əliş Ləmbəranski uzun illər ölkənin idarəçilik və sənaye sahələrində mühüm vəzifələrdə çalışıb.
“Tehsil365” xəbər verir ki, Əliş Cəmil oğlu Ləmbəranski 1914-cü il mayın 10-da Cavanşir qəzasının Lənbəran kəndində anadan olub.
O, müxtəlif dövrlərdə yüksək dövlət vəzifələrində fəaliyyət göstərərək Azərbaycanın iqtisadi və şəhərsalma inkişafında fəal rol oynayıb. 1954-cü ildə Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini vəzifəsində çalışıb, 1959–1966-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri olub.
Daha sonrakı illərdə, 1970–1987-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi fəaliyyət göstərib. Eyni zamanda, bir neçə çağırışda Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və ölkənin siyasi həyatında fəal iştirak edib.
Əliş Ləmbəranski 1951-ci ildə SSRİ Dövlət mükafatına, 1964-cü ildə isə “Azərbaycan SSR əməkdar mühəndisi” fəxri adına layiq görülüb. O, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olub.
Görkəmli dövlət xadimi 1999-cu il mayın 1-də Bakıda vəfat edib. Onun fəaliyyəti Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ kimi qiymətləndirilir.

